Məqalədə Bulla-dəniz yatağının perspektivli 123 saylı quyu qazkondensatının turşu xassəli oksigenli birləşmələrinin (turşu və fenolların) potensial miqdarının, funksional və struktur-qrup tərkibinin öyrənilməsindən alınan nəticələr verilir. Kondensat xüsusi çəkisinə görə yüngül, azkükürdlü, azparafinli, azqatranlıdır. Kondensatdan turşu və fenollar ekstraksiya üsulu ilə sərbəst və əlaqəli (mürəkkəb efirlərdən) formada olan birləşmələrə ayrılmışdır. Turşu ədədi 0,18 mq KOH/q olan Bulla-dəniz kondensatından cəmi 0,24 % turşu xassəli oksigenli birləşmələr ayrılmışdır ki, bunların 0,076 %-i sərbəst; 0,034 %-i – əlaqəli turşular; 0,164 %-i – sərbəst; 0,053 %-i əlaqəli fenollar olmuşdur. Ayrılmış turşu və fenol komponentlərinin struktur-qrup tərkibinin öyrənilməsi üçün PMR-spektroskopiya analiz üsulundan istifadə olunmuşdur. PMR-spektrləri “Bruker” firmasının istehsalı olan 300.18 MHs Furye spektrometrində çəkilmişdir. Müxtəlif struktur qruplara məxsus protonların payı rezonans udma zolaqlarının inteqrallarına əsasən hesablanmışdır. 0.60-1.10 m.h.-də qeydə alınan rezonans siqnal CH3 (Hγ) qrupunun, 1.10-150 m.h. CH2- qrupunun, 1.50-2.15 m.h. naften halqalarının (Hn), 2.15-3.10 m.h. aromatik halqalara nəzərən α-vəziyyətdə yerləşmiş CH2, CH qruplarının, 6.60-8.10 m.h.-də müşahidə edilən rezonans siqnallar isə aromatik halqalara məxsus hidrogen atomlarının payına düşür. Alınan nəticələrdən müəyyən edilib ki, Bulla-dəniz kondensatının sərbəst halda olan turşuları ən çox parafin əsaslıdırsa, mürəkkəb efirlərdən ayrılmış turşular daha çox naften quruluşludur. Sərbəst fenollarda aromatik halqalar, α-vəziyyətdəki qruplar, naften və parafin strukturları demək olar ki, bir-birinə yaxın miqdardadır. Aromatiklik dərəcəsi sərbəst turşularda və bağlı fenollarda nisbətən az – 0,26 və 0,30; sərbəst fenollarda və bağlı turşularda eyni olaraq 0,33-ə bərabərdir. Terminal –CH3 qrupları bu birləşmələrdə 24-26 % arasındadır.
doi.org/10.32737/0005-2531-2026-2-84-91
№2 2026







.png)