Tallium xalkogenidləri əsasında topoloji izolyatorların (Tİ) dizaynının kimyəvi aspektlərinə aid işlərin qısa icmalı verilir. Tİ xassələrinə malik TlBVX2 tipli birləşmələrin əmələ gəldiyi Tl–BV–X (BV – Sb, Bi, X – Se, Te) üçlü sistemlərdə faza tarazlıqlarına aid məlumatlar sistemləşdirilmişdir. Həmçinin Tl–Sb–Bi-X və Tl–BV–X–X¢ dörd komponentli sistemlərinin Tl2X–Sb2X3–Bi2X3 kvaziüçlü və 3Tl2X+BV2X3↔3Tl2X¢+BV2X3 qarşılıqlı müstəviləri üzrə faza tarazlıqlarına aid nəticələr ümumiləşdirilmiş və göstərilmişdir ki, bu sistemlər TlBVX2 və BV2X3 birləşmələri əsasında, potensial 3D Tİ materiallar olan geniş bərk məhlul sahələrinin əmələ gəlməsilə xarakterizə olunur. Baxılan sistemlərin faza diaqramları müvafiq Tİ fazaların iri monokristallarının alınması üçün geniş imkanlar açır.
