Son zamanlarda əla xüsusiyyətlərə malik nanoölçülü keçid metal oksidləri bir sıra texnoloji sahələr üçün yeni bir material sinifinə çevrilmişdir. Son tərəqqi göstərir ki, keçid metalların oksidləri arasında kobalt oksid nanohissəcikləri qeyri-adi xüsusiyyətlərinə və optoelektron qurğuda, yüksək tutumlu kondensatorlarda, Li-ion batareyada, qaz sensorlarda və elektroxrom cihazlarında perspektivli tətbiqinə görə geniş diqqət toplamışdır. Bu icmal məqalə kobalt oksid nanohissəciklərinin sintezi ilə bağlı son yenilikləri əhatə edir. Bu günə qədər kobalt oksid nanohissəciklərinin müxtəlif sintez üsulları mövcuddur. Müxtəlif prekursorlardan alınan kobalt oksid nanohissəcikləri fərqli ölçü paylanması, eyni zamanda fərqli optik, elektrik, maqnit və elektrokimyəvi xüsusiyyətləri göstərir. Həqiqətən hissəciyin ölçüsünün nanometr ölçüyə qədər kiçilməsi kvant ölçü effekti səbəbindən həcmli nümunələrlə müqayisədə xassələrin dəyişməsinə gətirib çıxarır. Tətbiq sahəsindən asılı olaraq arzuolunan xüsusiyyətlərə malik nanohissəciklər üçün uyğun sintez metodunun seçimi vacib amildir. Bu icmal məqalənin məqsədi kobalt oksid nanohissəciklərinin sintez üsulları haqqında geniş məlumat verməkdir
doi.org/10.32737/0005-2531-2021-2-80-93