Oliqopropilen makromonomerinin (M1) metilmetakrilatla (M2) radikal birgəpolimerləşmə reaksiyası həyata keçirilmiş, reaksiyanın qanunauyğunluqları və məhsulları tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, bu monomerlərin nisbi aktivliklərinin qiymətləri müvafiq olaraq r1=0.02 və r2=12.2-dir. Oliqopropilen makromonomeri üçün birgəpolimerləşmə sabitinin qiymətinin sıfıra yaxın olması onun homopolimerləşmə reaksiyasına meyilli olmadığını və yalnız birgəpolimerləşmə reaksiyalarına uğradığını göstərir. Sintez olunmuş birgəpolimerin bəzi xassələrinin onların tərkibindən asılılığı öyrənilmiş və göstərilmişdir ki, oliqopropilen makromonomerindən formalaşan fraqmentin miqdarının artması ilə birgəpolimerlərin yumşalma temperaturu və xarakteristik özülülüyünün qiymətləri azalır, buna uyğun olaraq da orta molekul kütləsinin kəskin azalması müşahidə olunur. Buna səbəb birgəpolimerləşmə reaksiyalarında oliqopropilen makromonomerinin passivliyi və zəncirin oliqopropilen makromonomerinin vasitəsilə ötürülməsi reaksiyasının baş vermə ehtimalının yüksək olmasıdır
doi.org/10.32737/0005-2531-2022-3-63-69
