Salisil turşusunun allil efirinin matilmetakrilatla birgəpolimerindən antibakterial əlavə kimi istifadə olunmaqla ABS (akrilonitril-butadien-stirol birgəpolimeri) əsaslı antibakterial kompozisiya materialları (KM) alınmış və xassələri öyrənilmişdir. Müəyyən edilmişdir ki, ABS kompozisiya materialının tərkibinə 4, 12, 20 kütlə % salisil turşusunun allil efirinin matilmetakrilatla birgəpolimerinin əlavə edilməsi onun fiziki-mexaniki xassələrinə praktiki olaraq təsir etmir, lakin əlavənin miqdarının artırılması ilə termiki davamlılıq xassələri yüksəlir. Alınmış kompozisiya materiallarının antimikrob xassələri tədqiqi edilmişdir. Antigöbələk və antibakterial xassələri üçün test-kultura kimi Qram müsbət mikroorqanizmlərdən qızılı stafilokoklar (S.aureus), Qram mənfilərdən bağırsaq çöpləri (E.coli), piqment əmələ gətirənlərdən göy-yaşıl irin çöpləri (P.aeruginoza), göbələklərdən isə Candida cinsindən olan C.albicans götürülmüşdür. Bakteriyaları becərmək üçün ƏPA (ətli-peptonlu aqar), göbələkləri becərmək üçün Saburo qidalı mühitindən istifadə edilmişdir və aparılan sınaqlar göstərmişdir ki, alınan kompozisiyaların heç birində nə vizual, nə də mikroskopik görüntülərə görə dəyişiklik baş vermir. Müəyyən edilmişdir ki, əldə edilmiş polimer kompozit materialları həm bakterisid, həm də funqisid xüsusiyyətlərinə malikdir.
doi.org/10.32737/0005-2531-2024-3-76-82