İşdə propanın karbon qazı ilə oksidləşdirici dehidrogenləşməsi (POD) reaksiyasında alüminium oksid əsaslı vanadium-sürmə tərkibli oksid katalizatorların səth morfologiyası, faza tərkibi, maqnit və katalitik xassələrinin tədqiqinin eksperimental nəticələri verilmişdir. Göstərilmişdir ki, vanadium-alüminium və sürmə-vanadium-alüminium oksid katalizatorlarının (vanadiumun miqdarı 15, sürmənin miqdarı isə 5%-dən az olan) roentgen difraktoqramlarında yalnız γ -Al2O3 fazasına aid olan reflekslər müşahidə olunur. Hesab edilir ki, V2O5 fazasına aid reflekslərin olmaması bu katalizatorlarda vanadium oksidinin (VOx)n tərkibli polimer quruluşlar şəklində yüksək dispersli amorf halda olması ilə əlaqədardır. 5%Sb-15%V/Al2O3 tərkibli katalizatorun roentgen difraktoqramlarında Sb2O3 və SbVO4 fazaları üçün xarakterik olan reflekslər müşahidə olunur. EPR spektrlərindən görünür ki, +4 oksidləşmə dərəcəsində olan vanadium ionları vanadil ionları - VO2+ şəklindədir. Göstərilmişdir ki, vanadium-alüminium oksid katalizatorunun tərkibinə sürmənin daxil edilməsi vanadil (VO2+) ionlarının miqdarını və onların POD reaksiyasında aktivliyini artırır. Müəyyən edilmişdir ki, γ-Al2O3 daşıyıcısı POD reaksiyasında aktiv deyil və ona vanadiumun daxil edilməsi ilə aktivləşir. Sürmənin V/Al2O3 tərkibinə daxil edilməsi katalitik aktivliyi artırır və POD reaksiyasında onların seçiciliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Vanadium-sürmə-oksid quruluşlarının əmələgəlməsi və onların iştirakı ilə POD reaksiyalarının termodinamikası tədqiq edilmişdir.
doi.org/10.32737/0005-2531-2024-3-5-19