Polipropilen əsasında alınan kompozitlərin əsas fiziki-mexaniki və istilik-fiziki xüsusiyyətlərinə bazalt və Exxelor PО1020 markalı kompatibilizatorun miqdarının təsiri nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, kompatibilizatorın 1.0–3.0 kütlə% miqdarının istifadə edilməsi, bazalt tərkibli plastiklərin dağıdıcı gərginlik, dartılmada axıcılıq həddi, nisbi uzanma, əyilmədə möhkəmlik həddi, istiliyə davamlılıq və ərintinin axıcılıq göstəricisi kimi xassələrinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan verir. Bazalt tərkibli plastiklərin kükürd və dikumil peroksid iştirakında tikilmə imkanları nəzərdən keçirilmiş və əsas fiziki-mexaniki göstəricilərin dəyişməsində onların rolu müəyyən edilmişdir. Kompatibilizator və bazaltın iştirakı ilə fazalar arası sahənin formalaşması prosesinin nəzəri təhlili verilmişdir. Elektron mikroskopiya üsulu ilə, kompatibilizasiya edilmiş polipropilenin tərkibində bazaltın yenidən paylanmasını göstərən mikrofoto şəkil təqdim edilmişdir. Nisbi uzanma və ərintinin axıcılıq göstəricisini qənaətbəxş səviyyədə saxlamaq şərti ilə ən yüksək möhkəmlik xassələrinin əldə olunduğu vulkanlaşdırıcı agentlərin optimal miqdarları müəyyən edilmişdir. Dikumil peroksidin optimal miqdarı 0.25–0.5 kütlə% təşkil etdiyi müəyyən edilmişdir.
doi.org/10.32737/0005-2531-2024-4-85-92