Fiziki-kimyəvi analiz metodlarından: diferensial-termiki (DTA), rentgenfaza (RFA), mikroquruluş (MSA), həmçinin mikrobərkliyin və sıxlığın təyini vasitəsilə As2Te3-TlS sistemi tədqiq edilmiş və T-x faza diaqramı hazırlanmışdır. As2Te3-TlS sisteminin faza diaqramı qismən kvazibinar olub, evtektik tiplidir və yeni dördlü TlAs2STe3 və Tl3As2S3Te3 birləşmələrinin əmələ gəlməsi ilə xarakterizə olunur. TlAs2STe3 və Tl3As2S3Te3 birləşmələri uyğun olaraq, 270 və 240oC-də konqruyent əriyirlər. Rentgenoqrafik analizi vasitəsilə müəyyən edilmişdir ki, TlAs2STe3birləşməsi tetraqonal sinqoniyada kristallaşır, qəfəs parametrləri: a = 10,70; с=9,28 Å, z=4, sıxlığı, ρpicn. =7,10 q/sm3, ρrent. = 7,12 q/sm3-dir. Tl3As2S3Te3birləşməsi isə heksaqonal sinqoniyada kristallaşır qəfəs parametrləri: a= 11,54; с=9,58 Å, z=4, sıxlığı, ρpicn. =7,28 q/sm3, ρrent. = 7,37 q/sm3-dir. As2Te3-TlS sistemində As2Te3 birləşməsi əsasında 3,5 mol % TlS bərk məhlul sahəsi əmələ gəlir, TlS birləşməsi əsasında isə bərk məhlul sahəsi praktiki olaraq təyin edilməmişdir. As2Te3 və TlAs2STe3 birləşmələri arasında əmələ gələn evtektikanın tərkibi 35 mol % TlS, temperaturu 180°C-dir. Digər evtektika isə TlAs2STe3 və Tl3As2S3Te3 birləşmələri arasında əmələ gəlir tərkibi 67 mol % TlS, temperaturu 165oC-dir. Sistemdə adi soyudulma şəraitində TlAs2STe3 və Tl3As2S3Te3 şüşəvarı halda alınırlar və sistemdə şüşə əmələgətirici kimi iştirak edirlər. Beləliklə, As2Te3-TlS sistemində, yavaş soyudulma zamanı 45-85 mol % TlS sahədə şüşə sahəsi əmələ gəlir. Maye azotda soyudulma zamanı isə 85-100 mol % TlS sahədə də şüşəvarı ərintilər almaq mümkün olmuşdur.
doi.org/10.32737/0005-2531-2025-1-119-126