Qrafenəbənzər təbəqəli quruluşlu karbon nitrid üzərində immobilizasiya olunmuş mis ferrit tərkibli (CuFe2O4/g-C3N4) yeni maqnit xassəli kompozit material hazırlanmış və rentgen və infraqırmızı spektroskopiyası, həmçinin elektron mikroskopiya və termoqravimetrik analiz üsulları vasitəsilə xarakterizə edilmişdir. Alınan material sulu mühitdən fosfat ionlarının çıxarılması üçün adsorbent kimi istifadə edilmişdir. pH, fosfat anionlarının ilkin qatılığı, təmas vaxtı və adsorbent dozası kimi adsorbsiya parametrlərinin prosesin səmərəliliyinə təsiri öyrənilmişdir. Fosfat ionlarının ən yüksək sorbsiyası (>97%) məhlulun pH3 qiymətində müşahidə olunur. Fosfatların adsorbsiya izotermlərinin təsviri üçün Langmuir və Freundlich adsorbsiya modellərinin tətbiqinin müqayisəli tədqiqi aparılmışdır. Adsorbent tətbiq edildikdən sonra xarici maqnit vasitəsilə sulu məhluldan asanlıqla çıxarılır və yüksək adsorbsiya effektivliyini qoruyaraq 5-6 dövr ərzində təkrar istifadə oluna bilər.
doi.org/10.32737/0005-2531-2026-1-74-89









.png)