Müasir benzin və dizel mühərriklərinin getdikcə artan gücü və sərt iş şəraiti müasir motor yağlarının keyfiyyətinə tələbləri daha çox artırır. Nəqliyyat vasitələrinin uzunmüddətli və etibarlı işləməsini təmin etmək üçün keyfiyyətli yağların alınması və istehsalı artır. Müasir avadanlıqlar keyfiyyətli mühərrik yağları olmadan işləyə bilməz. Eeffektli aşqarlarla motor yağlarının keyfiyyətinin yaxşılaşdırılması dünya miqyasında istifadə edilən ən müasir və perspektivli üsullardan biridir. Mühərrik istehsalında elmi - texniki tərəqqi müasir və qabaqcıl texnologiyanın tələblərinə cavab verən yüksək keyfiyyətli sürtkü yağlarının işlənib hazırlanması ilə sıx bağlıdır. Yalnız müxtəlif funksional xassələrə malik aşqarları olan baza yağları geniş istismar xüsusiyyətlərinə malik ola bilər, çünki istehsalı və təmizləmə üsullarından asılı olmayaraq, baza yağları bütün tələblərə cavab vermir. Ən çox istifadə edilən aşqarlar alkilfenolyat aşqarlarıdır. Alkilfenolyat aşqarları çoxfunksiyalı xassələrə malikdir və motor yağlarının əsas komponentlərindən biridir. Buna görə də, keyfiyyətli alkilfenolyat aşqarlarının sintezi, onların istehsalının təşkili və yüksək keyfiyyətli motor yağlarının yaradılması neft-kimya sənayesinin ən aktual problemlərindən biridir. Bu baxımdan, dodesilfenol, formaldehid və natrium disulfidin kondensləşmə məhsulunun yeni kalsium duzu - AKİ-55 aşqarı alınmışdır. Aşqarın quruluşu İQ spektroskopiyası ilə təsdiqlənmiş və standart üsullardan istifadə etməklə fiziki-kimyəvi və funksional xassələri öyrənilmişdir. Sənayedə alınan kükürdsaxlayan alkilfenolyat ЦИАТИМ-339, ВНИИНП-714 və ОЛОА-218А kimi aşqarların alınması ilə müqayisədə AKİ-55 aşqarının alınması üsulu sadə və ekoloji zərərsizdir. AKİ-55 aşqarının funksional xassələri analoqlarından üstün olduğu və inhibitor kimi kumolun oksidləşmə zəncirinin dayandırdığı göstərilmişdir.
doi.org/10.32737/0005-2531-2026-2-138-144
№2 2026







.png)