Polimer əsaslı hidrogellər müasir tibb və biotexnolgiyanın, eləcə də, sənayenin müxtəlif sahələrinin əvəzedilməz materialları sayılırlar. Hidrogellər təbii və sintetik polimerlərin modifikasiyasından alınan suda şişmək xassəsinə malik makromolekul şəbəkələridir. Onlardan üzvi maddələrin effektiv sorbsiyası, eləcə də, dərman maddələrinin daşınması üçün matrisa kimi geniş istifadə olunur.Təbii polimerlər arasında xitozan və törəmələrinin, istər dərman maddələrinin immobilizə olunması, istərsə də super absorbent kimi tətbiqi böyük maraq doğurur. Məlumdur ki, qalxanabənzər vəzin hormonu olan tiroksinin əvəzedicisi levotiroksin-Na pentahidrat tiroid əməliyyatından sonra uzun müddət orqanizm tərəfindən qəbul edilməlidir. Bu preparatı sərbəst halda deyil müxtəlif polimer və qeyri-üzvi maddələr ilə birlikdə tətbiq edirlər. Yan təsirlərinin kifayət qədər olduğunu nəzərə alaraq levotiroksin-Na-un xitozan əsaslı polimer hidrogellərə effektiv sorbsiyası ilə yeni dərman formalarının yaradılması aktual mövzulardan sayılır. Ədəbiyyat təhlilləri göstərir ki, levotiroksinin xitozan əsaslı matrisalara yüklənməsilə tərkibində aktiv təsiredici maddənin miqdarı tənzimlənə bilən yeni xitozan-levotiroksin komplekslərinin yaradılmasına ehtiyac var. Belə ki, xitozan əsaslı gel quruluşundan preparatın ayrılması miqdarı birbaşa matrisanın kimyəvi tərkibi və sorbsiya sürəti ilə tənzimlənə bilər. Tədqiqatın məqsədi xitozanın N,N-dietil alkil törəməsinin metil yodid ilə kvaternizə məhsulunun NaCl ilə ion mübadiləsindən alınmış duzun,dietilmetilxitozanın (DEMX) aşağı temperaturlarda işlənilməsindən sintez edilmiş hidrogel ilə levotiroksin-Na-un su məhlullarından sorbsiyasının öyrənilməsidir.
doi.org/10.32737/0005-2531-2026-2-32-39
№2 2026







.png)