Tullantı sularından maye-maye fazalı səpələyici aparatda seçici həlledici kimi götürülən izopropil efiri istifadə etməklə çirkləndiricilərin ayrılması üçün ekstraksiya prossesi təklif olunmuşdur. Bu üsul vasitəsilə butilqlikol, fenilizopropanol, asetat turşusu və asetilasetonun 99,5 99,8 % ayrılma dərəcəsi əldə olunur. Prosesin nəzəri mənzərəsini vermək üçün əks axınların hərəkət qanunauyğunluqlarını, eləcə də kütlə mübadiləsinin mexanizmini özündə əks etdirən riyazi model tərtib olunmuşdur. Məqalədə səpələyici ekstraktorun texnoloji sxemi, təmizlənən axının xarakteri və axınların kolon daxilində paylanması verilmişdir. Molekulyar diffuziya əmsallarının qiymətlərini hesablamaq üçün birləşmələrin molyar həcmləri təyin edilmişdir. Aparılan hesablamalar nəticəsində avadanlığın optimal iş rejimi müəyyən edilmiş, bütöv və dispers fazaların sərfləri əsaslandırılmışdır. Təklif olunmuş model fazaların kontakt səthinin sahəsini, özəklər arası məsafəni, eləcə də kütləvermə və kütləötürmə əmsallarının qiymətlərini təyin etməyə imkan verir. Aparat daxilində ekstragentin tullantı suyuna olan 1:30 nisbətində minimal sərfini təmin edən əks axınlarda maddələrin qatılıqlarının hesabı verilmişdir. Təklif olunmuş özək diffuziya modeli əsasında aparatın həndəsi ölçüləri təyin olunmuşdur: hündürlük H=0,7 m, D=0,12 m.
№4 2026







.png)