Neftlə hopdurulmuş torpaqlar çirkləndiricinin miqdarından və tərkibindən asılı olaraq müxtəlif çevrilmələrə məruz qalır. Bu, həm torpaq strukturunun, həm də neftin komponent tərkibinin dəyişməsi ilə əlaqədardır. Neft–torpaq qarışıqlarının dəyişkən nisbətləri, xüsusilə də ətraf mühitin uzunmüddətli təsiri bu dəyişikliklərə əhəmiyyətli sinergetik təsir göstərir. Bu dəyişikliklərin nəzərə alınması neftlə çirklənmiş torpaqların reabilitasiyası üçün effektiv texnologiyaların hazırlanmasında mühüm əhəmiyyət daşıyır. Təqdim olunan işdə təbii şəraitdə uzun müddət ərzində ətraf mühit amillərinin təsirinə məruz qalmış, yüksək miqdarda neft fraksiyaları olan torpaq nümunələrinin ekstraksiya üsulu ilə təmizlənməsi üzrə tədqiqat nəticələri müzakirə olunur. Neftlə çirklənmiş torpaq-qruntların təmizlənmə effektivliyinin müxtəlif amillərdən, xüsusilə komponentlərin faiz payından və mexaniki təsirin müddətindən asılılığını öyrənmək üçün texnoloji parametrlərin təsirinin qiymətləndirilməsi meyarı kimi təmizlənmə effektivliyindən istifadə edilmişdir. Eksperimental məlumatların statistik metodlarla işlənməsi ekstremal gradient boosting alqoritminə əsaslanan prosesin riyazi modelinin qurulmasına zəmin yaratmışdır. Optimal hiperparametrlərlə əldə olunan model öyrədilmiş məlumatların proqnozlaşdırılması üçün istifadə edilmişdir. Alınmış eksperimental məlumatların məcmusu neftlə çirklənmiş torpağın təmizlənmə effektivliyinə təsir edən ən mühüm amilləri müəyyən etməyə imkan vermişdir.
№4 2026







.png)