Sürmə-selenid (Sb2Se3) qadağan olunmuş zolağının eni (1.17 eV) və yüksək udulma əmsalına (>105 sm–1) görə perspektivli fotoelektrik materialıdır. Son illərdə Sb2Se3-dən ibarət nazik təbəqəli Günəş elementlərinin enerjini çevirmə effektivliyi getdikcə yüksəlir. Ona görə də, bu materiala olan böyük marağı nəzərə alaraq, təqdim edilən iş elektrokimyəvi üsulla Sb–Se nazik təbəqələrinin alınması prosesinin riyazi modelinin və optimallaşdırılmasının öyrənilməsinə həsr edilmişdir. Tədqiqat işi potensiodinamik, potensiostatik və qalvanostatik üsullardan istifadə etməklə müxtəlif şəraitlərdə, Pt-, Cu- və Ni- elektrodları səthində aparılmışdır. Birgə çökmə prosesinin aparılması üçün tartrat elektrolitində sürmə və selenit ionlarının elektroreduksiya proseslərinin kinetika və mexanizmi ayrılıqda tədqiq edilmişdir. Tsiklik polyarizasiya əyriləri, rentgen-faza, SEM-EDX analizləri əsasında müəyyən edilmişdir ki, Sb–Se nazik təbəqələri Cu elektrodu istisna olmaqla, yalnız Pt və Ni elektrodları üzərinə çökürlər. Riyazi hesablamalar xüsusi olaraq bu proses üçün işlənib hazırlanmış OptimME proqram paketində həyata keçirilmişdir. Müxtəlif faktorların (başlanğıc komponentlərin qatılığı, temperatur, cərəyan sıxlığı və s.) təsiri öyrənilməklə birgə çökmə prosesi üçün optimal elektroliz rejimi və elektrolit tərkibi seçilmişdir ki, bu nəticələrdən də istifadə etməklə, gələcək praktiki məqsədlər üçün prosesin Student və Fişer meyarları təyin edilmiş, reqressiya əmsalları qiymətləndirilmişdir. Alınmış reqressiya tənliyi tərkibində lazım olan miqdarda Sb olan Sb–Se ərintisini almağa imkan verən elektrolitin tərkibini və elektroliz şəraitini müəyyən edir. Aparılan hesablamalar və təcrübi nəticələr göstərir ki, Sb–Se ərintisi üçün alınmış reqressiya tənliyinin xətası e=6.4% təşkil edir
doi.org/10.32737/0005-2531-2021-1-30-36