Hidrogen peroksidin onunla sinxron olan oksidləşmə reaksiyasına induksiyaedici təsiri sistemdə iki qarşılıqlı əlaqə və təsirdə olan reaksiyanın getməsi ilə nəticələnir. Н2О2-in parçalanması (birinci reaksiya) ilə sistemə aktiv və sərbəst radikalları generə olunur ki, bu radikalların substrat ilə qarşılıqlı təsiri nəticəsində birinci ilə koherent-sinxronlaşdırılmış ikinci reaksiya baş verir. Belə koherent-sinxronlaşdırılmış oksidləşmə reaksiyalarına nümunə olaraq, tsikloheksanın hidrogen peroksidlə homogen və heterogen şəraitdə oksidləşməsi reaksiyasının mexanizmi öyrənilmişdir. Tsikloheksanın hidrogen peroksidlə katalizator tətbiq etmədən tsikloheksen və tsikloheksadienə qoşulmuş dehidrogenləşməsi və həmçinin onun kifayət qədər kiçik temperaturlarda heterogen katalitik sistemlərdə oksidləşməsi prosesi həyata keçirilmişdir. Katalizator kimi oksireduktaza fermentlər qrupuna daxil olan sitoxrom P-450-in əsas funksiyalarını imitasiya edən biomimetik katalizator istifadə olunmuşdur. Seçicilik və yüksək aktivliyinə görə fərqlənən bu biomimetik katalizatorlar dəmirporfirin kompleksləri əsasında sintez olunmuşdur. Təcrübi tədqiqatlar əsasında müəyyən olunmuşdur ki, biomimetik katalizator üzərində tsikloheksanın oksidləşməsi zamanı sistemdə paralel-ardıcıl oksidləşmə və dehidrogenləşmə reaksiyalarından ibarət mürəkkəb proses baş verir. Bu reaksiyaların hər biri iki koherent-sinxronlaşdırılmış reaksiyadan: 1) hidrogen peroksidin parçalanması və 2) tsikloheksanın oksidləşməsi və ya dehidrogenləşməsi reaksiyalarından ibarətdir.