Funksionallaşmış nitril kauçuku NK-26 əsasında mis sulfid nanohissəciklərinin sintezi ardıcıl ion qatının adsorbsiya və reaksiyası metodu ilə aparılmışdır. Reaksiya otaq temperaturunda qoyulmuşdur. Rentgen toz diffraktometrindən alınan nəticələrə əsasən kubik formada mis sulfidin (Cu1.8S) nanokristallik hissəcikləri formalaşmışdır. Cu1.8S nanokristallarının ölçüsü 5 nm-dir. Qadağan olunmuş zolağın eni 3eV-dur. Skanedici elektron mikroskopu və enerji-dispersion rentgen spektroskopiya (SEM/EDX) analizi göstərir ki, sintez olunmuş materiallar nanokompozitdirlər və Cu1.8S hissəciklərinin ölçüsü SEM-ə görə 9–12 nm tərtibindədir. İnfraqırmızı spektroskopiya (İQ) nəticələrinə görə nanohissəciklər polimerin –PO(OH)2 funksional qruplarında əmələ gəlmişdir və polimer sorbentdəki bir çox funksional qruplar bu səbəbdən itmişdir. Alınmış nanokristallar kvant nöqtələr olub fotoelektronikada istifadə oluna bilər.
