Simmetrik quruluşlu polimetilferrosen və müvafiq polimetilferrisinium kationundan ibarət MenFc/MenFc+ (n=6, 8, 10) redoks sistemlər üzvi həlledicilərdə – asetonitril, dixlormetan və dimetilsulfoksiddə tsiklik voltampermetriya üsulu ilə tədqiq edilmişdir. Redoks sistemləri təşkil edən reagentlərin (MenFc və MenFc+) diffuziya əmsalının qiymətləri Randles-Sevcik tənliyi üzrə hesablanmış və göstərilmişdir ki, sistemdə baş verən reaksiya “diffuziya ilə məhdudlaşmış birelektronlu dönən elektrokimyəvi reaksiyadır”. Diffuziya əmsalının qiymətlərinin həm redoks sistemlərin Fc/Fc+ → Me6Fc/Me6Fc+ → Me8Fc/Me8Fc+ → Me10Fc/Me10Fc+ ardıcıllığı üzrə, həm də reagentdə yükün olub-olmamasından asılı olaraq dəyişməsinin xüsusiyyətləri metil qruplarının sayı artdıqca reagentlərin həcminin (ölçülərinin) artması və məhluldakı elektrolit anionları ilə polimetilferrisinium kationlarının qarşılıqlı təsiri ilə şərh edilmişdir. Hər bir MenFc/MenFc+ redoks sistemində kationun diffuziya əmsalının molekulun diffuziya əmsalına qiymətcə çox yaxın olması Nernst tənliyinə uyğun olaraq sistemin standart elektrod potensialını (Eo) yarımdalğa potensialı (E1/2) ilə əvəzetməyə imkan vermişdir. Redoks sistemlərin yarımdalğa potensialının qiymətinə həlledicinin təbiətinin təsiri öyrənilmişdir. Göstərilmişdir ki, tsiklopentadienil halqalarında metil qruplarının olması reagentlərin (xüsusilə dəmir atomunun) həlledici molekulları ilə qarşılıqlı təsirini Fc/Fc+ sistemindəki qarşılıqlı təsirlə müqayisədə əhəmiyyətli dərəcədə zəiflədir və nəticədə ətraf mühit – həlledici molekulları və elektrolit ionları bu sistemlərin yarımdalğa potensialına daha az təsir edir
doi.org/10.32737/0005-2531-2022-4-8-14