ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
MOTOR YAĞLARINA SULFONAT AŞQARLARI
P.Ş.Məmmədova, İ.C.Güləliyev, K.A.Salmanova, İ.Ə.Sədirzadə

Sulfonat aşqarlarının çeşidini genişləndirmək və təsir effektini artırmaq məqsədi ilə onların M-8 neft yağı və C18-C30 fraksiyalı oliqomer propilendən istifadə etməklə sintez edilmiş alkilbenzol qarışığı əsasında alınmasının mümkünlüyü öyrənilmişdir. Göstərilmişdir ki, qarışıq xammalın sulfolaşması prosesində sulfoturşuların çıxımı 89-93%, emal edilməsi çətin olan tullantı - turş qudronun miqdarı isə sulfolaşmış neft yağlarına nisbətən 30-35% aşağıdır. Neytral sulfonatın göstəricilərinə ilkin xammal qarışığında inqrediyentlərin nisbətinin təsiri öyrənilmiş və tələb olunan aşqarın alınması üçün şərait müəyyən edilmişdir. Yaradılmış aşqarların xassələri M-11 yağında 5% qatılıqda standart üsullarla öyrənilmişdir. Sulfonatların tərkibi və quruluşu element analizi və İQ spektroskopiya üsulları ilə öyrənilmişdir. Alınmış sulfonatlar mitselyar quruluşa malikdir. Laboratoriya sınaqların nəticələri göstərmişdir ki, neytral, orta- və yüksək qələvili yarımsintetik kalsium sulfonatları yüksək fiziki-kimyəvi və funksional xassələrə malikdir. Neytral sulfonat çıxıma, aktiv maddənin miqdarına, dispersedici xassələrə görə neft mənşəli NSK sulfonatından  və OLOA 246B aşqarından üstündür. Orta- və yüksək qələvili aşqarlar fiziki-kimyəvi və yuyucu xassələrinə görə neft mənşəli C-150, C-300 əmtəə sulfonatlarla və Xaytek 6060M aşqarla eyni səviyyədə olduğu halda, dispersedici, korroziyaya, oksidləşməyə qarşı stabilliyə görə analoqlardan üstündürlər.   Qələvi yarımsintetik kalsium sulfonatları suyun təsirinə qarşı yüksək kolloid stabilliyinə malikdir və onların analoqlara nisbətən daha yaxşı göstəriciləri müəyyən edilmişdir. Qələvi ədədi artdıqca yaradılmış sulfonatların fiziki-kimyəvi, funksional xassələri yüksəlir, bu da onların kolloid quruluşlarının xüsusiyyətləri ilə izah edilir. Alınmış neytral və yüksək qələvili aşqarların iştirakı ilə keyfiyyət göstəricilərinə görə irəli sürülən tələblərə cavab verən M-10DM və M-10Г2 tipli təcrübi motor yağları işlənilmişdir. Yarımsintetik sulfonatların yüksək effektivliyi onları müasir motor yağlarında istifadə etməyə imkan verir

doi.org/10.32737/0005-2531-2023-4-48-54

Açar sözlər : neft yağı, alkilbenzol, yarımsintetik sulfonatlar, yuyucu-dispersedici aşqarlar, motor yağları, funksional xassələr
Məqaləyə baxın