REA NKSI-da hazırlanmış mikro təmas səthli kapillyar kolonkalara hərəkətsiz maye faza ²Polifenil efiri² hopdurmaqla buxar fazalı xromatoqrafiya üsulu ilə üzvi birləşmələrin analizi nəticələrindən bəhs olunur. Yağ aşqarları sintezi üçün yarımməhsul olan alifatik spirtlər, turşular, aminlər və ditiobenzoy turşusu efirlərinin törəmələri analiz olunmuşdur. Analiz azot və su buxarı qaz-daşıyıcıları iştirakında aparılmışdır. Müqayisənin asan olması üçün analiz şəraiti eyni saxlanmışdır. Analiz edilən komponentlərin tutulma müddətləri, nəzəri boşqabların ekvivalent hündürlüyü və asimmetriklik əmsalları hesablanmışdır. Məlum olmuşdur ki, qaz-daşıyıcı kimi su buxarından istifadə edildikdə analiz edilən birləşmələrin tutulma müddəti azalır və bölünmənin keyfiyyəti yaxşılaşır, piklərin simmetrikliyi artır.